BAKI, 27 oktyabr. TELEQRAF
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Kərim Xanın istefasından sonra yeni prokurorun seçilməsi prosesinə start verib.
Teleqraf xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında qeyd olunur.
Bildirilib ki, müvafiq prosedur Roma Statutunun iştirakçı dövlətlərinin Assambleyasının üzvləri ilə aparılan məsləhətləşmələrdən sonra başladılıb.
“Bu prosedur çərçivəsində Assambleya BCM prokuroru vəzifəsinə ən yüksək ixtisaslı namizədləri cəlb etməyi hədəfləyir”, – deyə Assambleyanın sədri Payvi Kokuranta bildirib.
Namizədlərin müraciətləri 2026-cı il oktyabrın 31-dən 2027-ci il yanvarın 31-dək qəbul ediləcək. Namizədlər bu vəzifəyə fərdi qaydada müraciət edə, həmçinin iştirakçı dövlətlər və ya onların qrupları tərəfindən irəli sürülə bilərlər. Yeni prokurorun 2027-ci ilin dekabrında seçilməsi nəzərdə tutulur.
Qeyd edək ki, iyulun 24-də Nyu-Yorkda Assambleyanın xüsusi sessiyası zamanı çıxış edən Kokuranta nəzarət orqanının Kərim Xanın cinsi qısnama ittihamları ilə əlaqədar vəzifəsindən kənarlaşdırılması barədə qərar qəbul etdiyini bildirmişdi. Məlumata görə, BCM-in 125 üzv dövlətindən 82-si onun vəzifədən azad edilməsinin lehinə səs verib.