BAKI, 28 oktyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı Ukraynanın Avropadakı müttəfiqləri arasında fikir ayrılığına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Stubb və Störe Putinlə telefon danışığı təşəbbüsünü əvvəlcədən digər Avropa liderləri ilə razılaşdırmayıblar. Bu isə Avropa İttifaqında Rusiya ilə vahid danışıqlar mexanizminin yaradılması istiqamətində narahatlıq doğurub.

Adının açıqlanmasını istəməyən avropalı rəsmi bildirib ki, belə addımlar Aİ liderlərinin Moskva ilə ümumi mövqe formalaşdırmadan ayrı-ayrılıqda əlaqə saxlamasına yol aça bilər.

Qəzet vurğulayıb ki, telefon danışığı Avropa İttifaqının Rusiya ilə danışıqlar aparmaq üçün razılaşdırılmış nümayəndə heyəti formalaşdırmağa çalışdığı bir vaxtda baş tutub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya, Finlandiya və Norveç liderləri birbaşa telefon əlaqələrini davam etdirmək barədə razılığa gəliblər.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, danışıqların əsas mövzusu Ukrayna münaqişəsinin nizamlanması məqsədilə Moskva, Kiyev və Vaşinqton arasında üçtərəfli danışıqların bərpası olub.