BAKI, 28 oktyabr. TELEQRAF
Fransa Rumıniyanın müraciəti əsasında Qara dəniz regionuna “Atlantique 2” tipli dəniz kəşfiyyat təyyarəsi göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Fransa Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizindəki komandanlığına məxsus təyyarə Rumıniyanın cənub-şərqində, Mixail Koqalniçanu yaşayış məntəqəsində yerləşən 57-ci aviabazaya göndərilib.
Kəşfiyyat təyyarəsi oktyabrın 18-dən noyabrın 6-dək Qara dənizin qərb hissəsində müşahidə və kəşfiyyat uçuşları həyata keçirəcək.
Rumıniya Müdafiə Nazirliyinin açıqlamasına görə, missiyanın əsas məqsədi dəniz nəqliyyatına mümkün təhdidləri müəyyənləşdirmək və ölkənin müstəsna iqtisadi zonasında yerləşən kritik infrastruktur obyektlərinin təhlükəsizliyini gücləndirməkdir.
Uçuşlar Rumıniya Hərbi Dəniz Qüvvələrinin “Vitse-admiral İoan Corcesku” komandanlığının dəstəyi və Dəniz Xilasetmə Koordinasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində planlaşdırılaraq həyata keçiriləcək.