BAKI, 27 oktyabr. TELEQRAF

ABŞ hərbçiləri Sakit Okeanda narkotik karteli tərəfindən istifadə edildiyi iddia edilən daha bir gəmini məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

Komandanlığın açıqlamasında deyilir: "Qərb yarımkürəsinin Birgə Əməliyyat Qrupu Şərqi Sakit Okeanda geniş istifadə olunan narkotik qaçaqmalçılığı marşrutları ilə hərəkət edən yüksək sürətli gəmiyə ölümcül zərbə endirib. Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin birbaşa narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu göstərir. Əməliyyat zamanı beş narko-terrorçu öldürülüb".

BMT-nin terrorizmə qarşı mübarizə zamanı insan hüquqlarının və fundamental azadlıqların qorunması üzrə xüsusi məruzəçisi Ben Sol daha öncə bildirib ki, ABŞ-nin Karib dənizi və Sakit okeanda ölkəyə narkotik daşımaq üçün istifadə edilən gəmilərə endirdiyi zərbələr insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilər.

"Qurbanlar Vaşinqton tərəfindən terrorçu kimi təyin edilmiş cinayətkar qrupların üzvləri olsa belə, onların özlərini müdafiə etmək hüquqları var", - BMT rəsmisi qeyd edib.

2025-ci ilin payızından bəri ABŞ ordusu ABŞ-da narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq üçün Karib dənizində və Şərqi Sakit Okeandakı gəmiləri hədəf alır.