BAKI, 7 oktyabr. TELEQRAF

Qazaxıstan hakimiyyəti 16 yaşdan aşağı şəxslərin onlayn platformalardakı mövcud hesablarının müvəqqəti bloklanması məsələsinə baxacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenovun parlament sorğusuna cavabında bildirilib.

Bektenovun sözlərinə görə, yeni tələblərə uyğunlaşmanın təmin edilməsi məqsədilə qaydaların tətbiqi üçün keçid dövrü nəzərdə tutulacaq:

"Hökumət onlayn platformalarda 16 yaşdan aşağı şəxslərin qeydiyyatının tənzimlənməsi ilə bağlı "Onlayn platformalar və onlayn reklam haqqında" qanuna dəyişikliklər hazırlayıb. Dəyişikliklər hazırda parlamentdə nəzərdən keçirilir. Qanunvericilik dəyişiklikləri qəbul edildikdən sonra onlayn platforma istifadəçilərinin yaşının təsdiqlənməsi ilə bağlı xüsusi qaydalar hazırlanacaq. Bu zaman platformaların mövcud mexanizmləri, süni intellekt əsaslı identifikasiya, istifadəçinin baxdığı məzmun və fəaliyyəti nəzərə alınacaq. Müvafiq normativ hüquqi akt Qazaxıstanda fəaliyyət göstərən onlayn platformaların nümayəndələri ilə müzakirə olunacaq".