BAKI, 4 oktyabr. TELEQRAF

Rusiya ordusunun Ukrayna ərazisinə növbəti kütləvi PUA hücumu nəticəsində mülki infrastruktura ziyan dəyib, ölənlər və yaralananlar var.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.

Dövlət başçısı bildirib ki, rusiyalı hərbçilər Kiyevdə Şimal körpüsünə, Sumıda tibb preparatları anbarına, Dneprdə isə rabitə müəssisəsinə zərbələr endiriblər. Hücumlar nəticəsində bir nəfər həlak olub, altı nəfər isə xəsarət alıb.

Zelenskinin sözlərinə görə, ötən gecə ərzində Ukrayna ərazisinə 135 zərbə PUA-sı buraxılıb ki, onların da 50-dən çoxu reaktiv pilotsuz uçuş aparatları olub. Kiyev, Dnepropetrovsk, Xarkov, Donetsk, Sumı və Zaporojye vilayətləri hücuma məruz qalıb. Yaşayış binalarına və kritik infrastruktura dəyən ziyan səbəbindən bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilşində fasilələr yaranıb.

Prezident qeyd edib ki, təkcə bu həftə ərzində Rusiya Ukraynaya qarşı 1 900-dən çox zərbə PUA-sı (onlardan 800-dən çoxu reaktiv), 1 700 aviabomba və 25 raket tətbiq edib.

Zelenski həmçinin Almaniyanın Federal Kansleri Fridrix Mertsin Kiyevə səfər etdiyini diqqətə çatdırıb:

“Bu gün Kiyevdə Ukrayna xalqının müdafiəsində ardıcıl liderlik nümayiş etdirən Almaniyanın Federal Kansleri Fridrix Merts səfərdədir. Göstərilən dəstəyə görə minnətdarıq. Bu gün Ukrayna və bütün Avropada müdafiə imkanlarımızı artırmaq üçün vacib qərarlar hazırlayırıq. Ukrayna ilə Almaniya arasında mühüm razılaşmalar əldə olunacaq. Rusiyanı birlikdə dayandırmaq lazımdır”.