BAKI, 30 avqust. TELEQRAF
İslandiyada keçirilən referendumda seçicilərin 52,8 faizi Avropa İttifaqına üzvlüklə bağlı danışıqların bərpasına qarşı çıxıb. Qərarın əsas səbəblərindən biri ölkənin balıqçılıq kvotaları üzərində nəzarəti itirmək qorxusu olub.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" yazıb.
Nəşrin məlumatına görə, İslandiyanın Aİ-yə üzvlüyünə qarşı kampaniyanın əsasını ölkənin milli kimliyi ilə bağlı suverenlik və balıqçılıq məsələləri təşkil edib. Balıqçılıq hazırda İslandiya iqtisadiyyatının əsas sahələrindən biri olaraq qalır.
Referendumun nəticələrinə əsasən, seçicilərin 52,8 faizi Aİ-yə üzvlüklə bağlı danışıqların bərpasının əleyhinə səs verib. "Politico" bunu təkcə İslandiya hökuməti üçün deyil, Aİ üçün də məğlubiyyət kimi qiymətləndirib.
İslandiyanın milli yayımçısı RUV-un məlumatına görə, referendumda seçici fəallığı 82,5 faiz təşkil edib. Bu, 2009-cu ilin aprelində keçirilmiş parlament seçkilərindən bəri ölkədə qeydə alınan ən yüksək göstəricidir. Həmin seçkilərdə iştirak 85,1 faiz olub.
"Politico" qeyd edir ki, Aİ-yə üzvlüyün balıqçılıq kvotaları üzərində nəzarətin itirilməsinə və İslandiyanın ərazi sularının xarici şirkətlərin istifadəsinə açılmasına səbəb olacağı barədə fikirlər “Xeyr” kampaniyasının əsas arqumentlərindən biri olub. Bir çox seçici mövqeyini məhz bu məsələ ilə əsaslandırıb.
Reykyavikdə yerləşən İslandiya Universitetinin politoloqu Maksimilian Konrad bildirib ki, “Xeyr” kampaniyasının tərəfdarları referendumu sanki söhbət artıq Aİ-yə üzvlükdən gedirmiş kimi təqdim edirdilər. Halbuki səsvermənin mövzusu üzvlük danışıqlarının bərpa olunub-olunmaması idi.