BAKI, 30 avqust. TELEQRAF

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvaya elan olunmamış səfəri zamanı ABŞ, Ukrayna və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilməsini təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu, Retkliffin Rusiya ilə Ukrayna arasında münasibətlərdə diplomatik irəliləyişə nail olmağa yönəlmiş səylərə ilk dəfə birbaşa qoşulması olub.

Mənbələrin sözlərinə görə, səfərin məqsədlərindən biri Rusiyanın xüsusi xidmət orqanlarının rəhbərlərinin Vladimir Putini Ukrayna ilə ABŞ vasitəçiliyi ilə danışıqların bərpasına inandırmağa kömək edib-etməyəcəyini müəyyənləşdirmək olub.

ABŞ rəsmiləri cümə günü Ukrayna Prezidenti Volodimir Zelenskini Retkliffin Moskvadakı görüşləri və üçtərəfli görüş imkanının müzakirə edilməsi barədə məlumatlandırıblar.

“Axios” yazıb ki, Tramp administrasiyası daha əvvəl də bu ideyanı irəli sürüb. Zelenski təklifi dəstəkləsə də, Putin onu rədd edib.

Məlumata görə, Retkliff Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovla görüşüb.

Mənbələr Retkliffin Bortnikovu diplomatik səylərin bərpasına kömək edə biləcək konstruktiv tərəf kimi qiymətləndirdiyini bildiriblər.

Ukrayna Prezidenti daha əvvəl ABŞ tərəfinin Moskvadakı son görüşlər barədə Kiyevi məlumatlandırdığını açıqlamışdı.