BAKI, 29 avqust. TELEQRAF

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin yaxşılaşdırılması üçün hazırda heç bir əsasın olmadığını bəyan edib.

Teleqraf Rusiya mediasına istinadla xəbər verir ki, Peskov Avropanın hazırkı siyasi rəhbərliyini kəskin tənqid edərək, onların tamamilə qarşıdurma mövqeyi tutduqlarını bildirib:

"Avropa ilə əlaqələrin düzələcəyinə ümid etmək üçün heç bir səbəb yoxdur. Hakimiyyətdə olan indiki siyasətçilər nəinki sözdə, həm də əməldə bizə qarşı hərbi resursları səfərbər edirlər.

Onlar Avropanın hərbi potensialını tam gücü ilə ölkəmizə qarşı yönəldir və bizə qarşı hərbi əməliyyatlarda birbaşa iştirak edirlər".