BAKI, 29 avqust. TELEQRAF

Ukraynanın Ankaradakı səfiri Qara dənizdə türk gəmilərinin hədəf alınması ilə əlaqədar təcili olaraq Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf "TRT Haber"ə istinadla xəbər verir ki, Ukraynanın Ankara səfiri Nəriman Celyalov Qara dənizdə türk gəmilərinin hədəf alınması ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə XİN-in diplomatik mənbələrindən sızan məlumatlara görə, avqustun 26-da Türkiyə tərəfindən idarə olunan "Lider Bordo Mavi" yük gəmisi Qara dənizdə, Tuapse şəhəri yaxınlığında raket zərbəsinə məruz qalıb.

Ertəsi gün isə zədələnmiş gəmini yedəyə alıb çəkmək üçün əraziyə göndərilən "Lider Kocatepe" gəmisi də Ukrayna qüvvələri tərəfindən birbaşa hədəf alınıb.

Nazirliyə çağırılan Ukrayna səfirinə rəsmi Ankaranın kəskin etirazı və sərt xəbərdarlığı çatdırılıb. Görüşdə Qara dənizdə naviqasiya təhlükəsizliyinin, can, mal və ekoloji əminliyin təmin edilməsinin məcburi bir öhdəlik olduğu qarşı tərəfə qətiyyətlə bildirilib.