BAKI, 29 avqust. TELEQRAF
Rostova kütləvi hava hücumu nəticəsində xəsarət alan mülki şəxslərin sayının 11 nəfərə çatdığı açıqlanıb.
Teleqraf "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.
Onun sözlərinə görə, yaralılardan 9-u hazırda Rostov və Aksay rayon mərkəzi xəstəxanalarında müalicə olunur. Xəstəxanaya yerləşdirilənlərdən 4-ü azyaşlı uşaqdır. Həkimlər yaralılardan bir qızın vəziyyətini ağır qiymətləndiriblər və o, təcili olaraq əməliyyat edilib. Hücum zamanı onlarla fərdi yaşayış evinə ciddi ziyan dəyib, əraziyə xüsusi mühafizə kordonu qurulub.
Rostov-na-Donu şəhərinin meri Aleksandr Skryabin partlayış dalğasından evləri yararsız hala düşən və təxliyə edilən 40-a yaxın şəhər sakininin təcili olaraq müvəqqəti yerləşdirmə məntəqələrinə köçürüldüyünü deyib. Hazırda ekspertlər binaların qəzalı olub-olmadığını yoxlayırlar.
Xatırladaq ki, ötən gecə Rusiya hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən Rostov vilayəti səmasında Ukraynaya məxsus 30-a yaxın pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyi iddia olunur.