BAKI, 14 oktyabr. TELEQRAF

Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasından sonra 29 743 kvadratkilometr əraziyə sahib olmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında açıqlama verib.

O qeyd edib ki, sərhədin hər iki tərəfində heç bir anklav və eksklav qalmamalıdır.

Paşinyan Bakı ilə İrəvanın ekvivalent ölçüdə ərazi mübadiləsi aparmalı olduğunu, həmçinin bütün yolların və kommunikasiya xətlərinin açıq olmalı olduğunu bildirib: “Yəni iki ölkə - Ermənistan və Azərbaycan dəqiq ölçülərə malik ərazilərin mübadiləsini həyata keçirməlidir. Bütün yollar və kommunikasiyalar TRIPP çərçivəsində açıq olmalıdır, amma təkcə TRIPP çərçivəsində deyil”.

Baş nazir vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı Qarabağla bağlı heç bir tələb irəli sürülməməlidir. O əlavə edib ki, bu, Azərbaycana da aiddir: "Tərəflər bütün məsələlərdə bir-birini rahat buraxmalıdır".

Nikol Paşinyan Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə də diqqət çəkib:

“İndi ən vacib sual: bu baxışı sülhə çevirmək üçün real imkan varmı? Türkmənistanda Azərbaycan Prezidenti ilə görüşümün nəticələrinə əsasən, ilkin təəssüratım belədir ki, bu baxışı sülhə çevirmək imkanımız var və yaxın gələcəkdə bu fürsəti həyata keçirməklə məşğul olacağıq, bu fürsəti reallığa çevirəcəyik”.