BAKI, 25 avqust. TELEQRAF
Oman sahillərində neft tankeri naməlum mərminin zərbəsi nəticəsində zədələnib və hərəkət qabiliyyətini itirib.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, hadisə Omanın Əş-Şişah bölgəsindən 9 dəniz mili şimal-şərqdə qeydə alınıb.
Tankerin kapitanının məlumatına görə, gəmi naməlum mərminin zərbəsinə məruz qalıb. Hücum nəticəsində gəminin mühərrik bölməsi zədələnib və tanker hərəkətsiz vəziyyətdə qalıb.
UKMTO ekipaj üzvlərinin təhlükəsiz şəraitdə olduğunu açıqlayıb. Hadisənin ətraf mühitə hər hansı təsiri barədə məlumat daxil olmayıb.
Tankerin adı və qeydiyyatda olduğu liman da daxil olmaqla, digər təfərrüatlar açıqlanmayıb.