BAKI, 14 avqust. TELEQRAF

Macarıstanın Baş naziri Peter Madyar Dunay çayında suyun səviyyəsinin kəskin azalması fonunda “Pakş-2” Atom Elektrik Stansiyasının tikintisi üçün verilmiş ekoloji icazənin əsaslı olub-olmadığını şübhə altına alıb.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın “Világgazdaság” nəşri məlumat yayıb.

“‘Pakş-1’ AES ərazisində hazırkı su səviyyəsi ‘Pakş-2’ üçün verilmiş ekoloji icazəni, eləcə də soyutma sistemi ilə bağlı icazəni sual altına qoyur”, – Peter Madyar mətbuat konfransında bildirib.

Baş nazir qeyd edib ki, hökumət “Pakş-2” layihəsini hərtərəfli yoxlayır. Onun sözlərinə görə, Dunayda suyun azalması layihənin maliyyə strategiyasına da yenidən baxılmasını zəruri edə bilər. Bu isə stansiyanın tikintisinin başa çatdırılması müddətinə təsir göstərə bilər.

Madyar həmçinin bildirib ki, Macarıstanın Atom Enerjisi İdarəsi Dunay çayının yeni AES-in soyudulması üçün kifayət qədər su təmin edib-etməyəcəyi ilə bağlı narahatlığını ifadə edib. Hökumət gələcəkdə stansiyada soyutma qüllələrinin qurulması variantını da nəzərdən keçirir.

Hazırda Dunayda suyun səviyyəsinin aşağı düşməsi “Pakş-1” AES-in fəaliyyətinə də təhlükə yaradır. Macarıstan hökuməti stansiyanın işini davam etdirmək üçün çayın yatağında xüsusi bəndin tikintisinə başlayıb və vəziyyət daha da pisləşərsə, iki barjanın məqsədli şəkildə batırılması variantını hazırlayıb.

Peter Madyarın sözlərinə görə, suyun səviyyəsi kritik həddə enərsə, AES-də əvvəlcə turbinlərdən birinin, daha sonra isə bütün stansiyanın fəaliyyətinin dayandırılması tələb oluna bilər.