BAKI, 25 iyul. TELEQRAF
ABŞ-nin "SpaceX" şirkəti "Starship" çoxistifadəli kosmik sisteminin üçüncü nəsli üzrə sınaqları davam etdirir.
Teleqraf xəbər verir ki, şirkət cümə günü "Starship" kosmik gəmisinin prototipi ilə təchiz edilmiş daşıyıcı raketin 13-cü sınaq buraxılışını uğurla başa çatdırıb. Buraxılışın yayımı şirkətin "X" səhifəsində aparılıb.
Yayım zamanı bildirilib ki, "Starship" tarixində ilk dəfə Hind okeanına ən yumşaq enişini həyata keçirib.
Sınaq uçuşu zamanı "SpaceX" Raptor mühərriklərinin yenidən işə salınması mexanizmini yoxlayıb. Həmçinin ilk dəfə gəminin yük bölməsindən 20 ədəd "Starlink V3" peyki orbitə çıxarılıb. Təxminən 20 dəqiqə sonra həmin peyklər planlaşdırıldığı kimi atmosferə daxil olarkən yanıb.
Bu sınaqda "SpaceX" "Super Heavy" gücləndirici blokunun "Mechazilla" platforması vasitəsilə geri tutulmasını qarşıya məqsəd qoymayıb. Daşıyıcı raket kosmik gəmidən ayrıldıqdan sonra Meksika körfəzinə enib.
Qeyd edək ki, "Starship" sisteminin 12-ci sınaq buraxılışı may ayında həyata keçirilmişdi. Həmin uçuş zamanı üçüncü nəsil V3 raketlərinin ilk nümunəsi olan "Starship S39" istifadə olunmuş, lakin gəmi enişdən sonra partlamışdı. "SpaceX" mütəxəssislərin proqram təminatında dəyişikliklər etdiyini və əvvəlki sınaqda aşkarlanan problemlərin aradan qaldırıldığını açıqlamışdı.
Şirkətin planlarına əsasən, "Starship" sistemi müxtəlif versiyalarda Yerətrafı orbitə insanlı uçuşlar, peyklərin buraxılması, həmçinin Ay və Mars missiyaları üçün istifadə oluna biləcək universal kosmik nəqliyyat vasitəsi olacaq. Sistemə daxil olan "Super Heavy" gücləndiricisi və "Starship" gəmisinin gələcəkdə şaquli eniş etməsi nəzərdə tutulur.