BAKI, 25 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ evdə akkreditə olunmuş müxbirlər assosiasiyasının qəbulunda iştirak etmək üçün Vaşinqtondakı "The Waldorf Astoria" otelinə gəlib.
Teleqraf xəbər verir ki, tədbir Trampa qarşı sui-qəsd cəhdinə görə təxirə salındıqdan sonra keçirilir və gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunub.
TASS-ın müxbirinin məlumatına əsasən, otelin qarşısına yüzlərlə insan toplaşıb. Onların arasında ABŞ liderini dəstəkləyənlər, eləcə də onun siyasətinə etiraz edən şəxslər olub. Toplananların bir qismi Trampın lehinə, digər qismi isə əleyhinə şüarlar yazılmış plakatlar daşıyıb.
Prezident korteji otelə yaxınlaşarkən izdiham arasında Tramp əleyhinə şüarlar səslənib.
Tədbirin keçirildiyi ərazidə bir sıra küçələr bağlanıb, yüzlərlə təhlükəsizlik əməkdaşı və Milli Qvardiyanın patrulları cəlb olunub. "The Waldorf Astoria" otelinə giriş zamanı bütün qonaqlardan, o cümlədən yüksək vəzifəli şəxslərdən əvvəlcədən göndərilmiş fərdi QR-kod təqdim etmələri tələb olunur.
ABŞ prezidenti və digər yüksək vəzifəli şəxslərin mühafizəsinə cavabdeh olan Məxfi Xidmət mümkün fövqəladə hallara hazırlaşdığını açıqlayıb.
Ağ evin mətbuat katibi Kerolin Livitt bildirib ki, Trampın qəbul zamanı çıxışı "birləşdirici, lakin sərt, ciddi, eyni zamanda əyləncəli" olacaq.
Qeyd edək ki, Ağ evdə akkreditə olunmuş müxbirlər assosiasiyasının qəbulu əvvəlcə aprelin 25-də "Washington Hilton" otelində keçirilməli idi. Həmin tədbir ABŞ administrasiyasının rəhbər şəxslərinin, o cümlədən Tramp və vitse-prezident Cey Di Vensin iştirakı ilə başlamış, lakin atışma insidenti səbəbindən yarımçıq dayandırılmışdı.
İnsident zamanı ABŞ Məxfi Xidmətinin əməkdaşlarından biri yaralanmışdı. Bildirilir ki, həmin əməkdaş cümə günü keçirilən qəbulda mükafatlandırılacaq.
Atəş açan şəxs saxlanılıb. Onun 31 yaşlı Koull Tomas Allen olduğu müəyyən edilib. İstintaq zamanı onun əvvəlcədən "Washington Hilton" otelində otaq bron etdiyi və ora silah keçirə bildiyi məlum olub.
Allen prezidentə sui-qəsdə cəhd, ağır cinayət törətmək məqsədilə odlu silah və sursat daşımaq, həmçinin cinayət zamanı odlu silahdan istifadə ittihamları ilə üzləşir.