BAKI, 25 iyul. TELEQRAF

ABŞ Konqresinin Senatında Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi respublikaçılar və demokratlar arasındakı fikir ayrılığı səbəbindən çətinləşib.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, fikir ayrılıqları əsasən ABŞ Prezidenti Donald Trampa əlavə səlahiyyətlərin verilməsi məsələsi ilə bağlıdır.

Qanun layihəsi, xüsusilə, Rusiyanın ən böyük beş neft və təbii qaz alıcısına, eləcə də ABŞ-nin fikrincə, Rusiyanın enerji sahəsində Qərb sanksiyalarından yayınmasına kömək edən beş ölkəyə qarşı 100 faizlik tariflərin tətbiqini nəzərdə tutur.

Sənədə əsasən, rüsumların tətbiqi və ya ləğvi ilə bağlı yekun qərarı ABŞ Prezidenti verəcək.

"The New York Times" yazır ki, Demokratlar Partiyasının nümayəndələri Trampa belə geniş səlahiyyətlərin verilməsinə qarşı çıxıblar. Onların narahatlığı bunun gələcəkdə prezidentin gömrük rüsumları tətbiq etmək səlahiyyətlərinin genişləndirilməsi üçün presedent yarada biləcəyi ilə bağlıdır.

Rusiyaya qarşı birtərəfli məhdudiyyətlərin sərtləşdirilməsini və ölkənin ticarət tərəfdaşlarına qarşı rüsumların tətbiqini nəzərdə tutan yenilənmiş qanun layihəsi iyulun 16-da ABŞ Senatına rəsmi şəkildə təqdim edilib.