BAKI, 23 iyul. TELEQRAF
Ötən gün İsrailin Arad şəhərində torpağa tapşırılan Xalq artisti, görkəmli teatr və kino aktyoru, rejissor Tofiq Mirzəyevin dəfnində Azərbaycan icmasının nümayəndələri və mərhumun oğlu iştirak edib.
Teleqraf Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman çıxış edərək Azərbaycan icması adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
O, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən, Vətəndən uzaqda yaşamasına baxmayaraq Azərbaycanla bağlılığını hər zaman qoruyub saxlamasından və diaspor fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.
Çıxışlarda vurğulanıb ki, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafına və diaspor fəaliyyətinə verdiyi töhfələr hər zaman minnətdarlıq hissi ilə xatırlanacaq, onun əziz xatirəsi Azərbaycan icmasının yaddaşında dərin hörmət və ehtiramla yaşayacaq.
Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyası adından əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.
***
21:46
Ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edən Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev dəfn edilib.
Bu barədə Teleqraf-a Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.
Onun sözlərinə görə, sənətkar İsrailin Arad şəhərindəki qəbiristanlıqda torpağa tapşırılıb.