BAKI, 22 iyul. TELEQRAF
ABŞ administrasiyası Konqres tərəfindən təsdiqlənmiş Ukraynaya əlavə 400 milyon dollarlıq hərbi yardımın ayrılmasından imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Senatının üzvü Dik Dörbin Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, həmin vəsait növbəti ABŞ prezidenti hakimiyyətə gələnədək istifadə üçün əlçatan olmayacaq.
Dörbin məsələ ilə bağlı Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynə sual ünvanlayıb. General isə bu qərardan xəbərsiz olduğunu, ayrılmış vəsaitlə bağlı şərhlərin Pentaqonun mülki rəhbərliyi tərəfindən verilməsinin daha doğru olacağını deyib.
Senator daha sonra bildirib ki, mövcud ödəniş planına əsasən, bu vəsaitin xərclənməsi 2029-cu maliyyə ilinə nəzərdə tutulur və yekun qərarı ABŞ-nin növbəti prezidenti verəcək.
Dörbin xatırladıb ki, Konqres 2026-cı il üçün Ukraynaya, o cümlədən hava hücumundan müdafiə vasitələrinin alınması məqsədilə əlavə 400 milyon dollar ayrılmasını təsdiqləyib və qanun layihəsi Prezident Donald Tramp tərəfindən imzalanıb.
Bundan əvvəl "The Washington Post" qəzeti ABŞ Senatının üzvü Mitç Makkonnellə istinadən Pentaqonun Konqresin təsdiqlədiyi 400 milyon dollarlıq hərbi yardım paketinin Ukraynaya göndərilməsini gecikdirdiyini yazmışdı.