BAKI, 22 iyul. TELEQRAF

ABŞ-nin müdafiə naziri Pit Heqset Co Bayden administrasiyasını Pentaqonun maliyyələşdirilməsinə kifayət qədər diqqət ayırmamaqda və Ukraynaya verilən silahların ehtiyatını vaxtında bərpa etməməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, o, bu barədə ABŞ Konqresinin Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı danışıb.

Heqset bildirib ki, əvvəlki administrasiya dövründə Müdafiə Nazirliyi dörd il ərzində maliyyə çatışmazlığı ilə üzləşib.

"Co Bayden administrasiyası üçün Müdafiə Nazirliyinin maliyyələşdirilməsi prioritet deyildi", - deyə o vurğulayıb.

Pentaqon rəhbəri xatırladıb ki, Konqres ABŞ ehtiyatlarından Ukraynaya silah göndərilməsi məqsədilə beş əlavə maliyyə paketi təsdiqləyib.

Onun sözlərinə görə, əvvəlki administrasiya silahları ardıcıl şəkildə Ukraynaya ötürsə də, onların əvəzlənməsi mövcud bürokratik prosedurlar səbəbindən kifayət qədər sürətli həyata keçirilməyib.

Heqset əlavə edib ki, Bayden administrasiyası bununla yanaşı, dünyada mövcud olan digər təhlükələri də lazımi səviyyədə nəzərə almayıb.