BAKI, 22 iyul. TELEQRAF
Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5 346 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriges teleqram kanalında məlumat yayıb.
Hökumətin gündəlik hesabatına əsasən, təbii fəlakət nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 265 nəfər evsiz qalıb.
Məlumata görə, 190 bina tamamilə dağılıb, 856 tikili isə ciddi zədələnib. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 39 567 nəfərə tibb müəssisələrində yardım göstərilib.
Bundan əlavə, 128 324 ailəyə humanitar yardım çatdırılıb, 23 122 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib. Zərərçəkənlərə ümumilikdə 10 964,97 ton ərzaq paylanıb.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 40 saniyə fasilə ilə maqnitudası 7,2 və 7,5 olan iki güclü zəlzələ qeydə alınıb. Episentrlər Yarakuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib. Fəlakətdən sonra 1 405 afterşok baş verib.