BAKI, 21 iyul. TELEQRAF
"İtaliya əmindir ki, Rusiya ilkin işğal planını həyata keçirə bilmədiyi üçün Ukrayna artıq böyük qələbə qazanıb".
Teleqraf xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Guido Crosetto bildirib.
Onun sözlərinə görə, müharibənin ilk günlərində əksər ekspertlər Rusiya qoşunlarının bir neçə gün ərzində Kiyevi ələ keçirəcəyini proqnozlaşdırırdılar: "Dörd il əvvəl hamı Rusiyanın bir həftəyə Kiyevə çatacağını düşünürdü. Həmin vaxt ABŞ hətta Ukrayna Prezidenti Volodimir Zelenskinin təxliyəsi üçün təyyarə də hazırlamışdı. Lakin dörd il sonra vəziyyət kəskin şəkildə dəyişdi. Bu gün Rusiya cəbhə xəttində ilişib qalıb, hər ay 30 min əsgəri ölür və ya yaralanır".
Guido Crosetto Ukraynanın təkcə dövlətçiliyini qoruyub saxlamadığını, həm də müasir müharibələrin aparılmasına yanaşmaları dəyişdirə bildiyini vurğulayıb: "Dronlardan geniş istifadə dünyanın bir çox orduları üçün nümunəyə çevrilib.
Ukrayna hələ də mövcuddur, güclüdür və hər gün müharibəni Vladimir Putin üçün daha da çətinləşdirir. Ukrayna artıq qalib gəlib".
Krosetto həmçinin müharibənin yalnız Rusiyanın Ukraynanı ən azı 24-48 saat atəşə tutmasını dayandırdığı zaman bitəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, bu, 2022-ci ildə tammiqyaslı işğalın başlanğıcından bəri bir dəfə də olsun baş verməyib.
İtaliyalı nazirin açıqlamasını britaniyalı həmkarı Ues Stritinq də dəstəkləyib. O, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni Putin üçün rüsvayçılıq adlandırıb.