BAKI, 22 iyul. TELEQRAF

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin işi üzrə məhkəmə baxışının 2027-ci ilin iyununda başlaması təklif edilib.

Teleqraf xəbər verir ki, bu barədə Nyu-York məhkəməsinin elektron bazasında yerləşdirilən sənəddə bildirilir.

Sənədə əsasən, müdafiə və ittiham tərəfi birgə məhkəməyə təqvim təqdim edib. Təklifə görə, iş üzrə əsas məhkəmə prosesi 2027-ci ilin iyununda başlanmalıdır.

Prokurorluq məhkəməyə təqdim etdiyi vəsatətdə qeyd edib ki, iş üzrə əsas məxfi materiallar 2026-cı il noyabrın 15-dək tərəflərə təqdim olunacaq. Bundan sonra tərəflər 2027-ci il martın 11-dək müvafiq vəsatətlərini məhkəməyə göndərə biləcəklər.

Bu qrafikin Nyu-York ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsində iyulun 22-də keçiriləcək dinləmədə təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə hücum edib, daha sonra Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi saxlayaraq ABŞ-a aparıb. Onlar yanvarın 5-də Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsi qarşısına çıxarılıblar. Maduro və həyat yoldaşı narkotik ticarəti ilə bağlı ittihamları qəbul etmirlər.