BAKI, 22 iyul. TELEQRAF

İran nüvə və strateji obyektlərinə mümkün zərbələri regiondakı müharibənin genişlənməsi kimi qiymətləndirəcəyini və buna sərt cavab verəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının dövlət televiziyası tərəfindən yayılan bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, ABŞ İranın nüvə və strateji obyektlərinə hücumla hədələyib.

“ABŞ ordusu belə bir mərhələyə keçərsə, bunu regionda müharibənin genişləndirilməsi kimi qiymətləndirəcəyik. Bu halda ABŞ-nin və onun müttəfiqlərinin bütün maraqları İran Silahlı Qüvvələrinin güclü zərbələrinin hədəfinə çevriləcək”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, iyulun 8-də ABŞ ordusu Vaşinqtonla Tehran arasında memorandumun imzalanmasından sonra ilk dəfə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını açıqlayıb.

Bundan sonra Tehran Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər və İordaniyada yerləşən ABŞ obyektlərinə cavab zərbələri endirməyə başlayıb.