BAKI, 22 iyul. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Endi Börnem ABŞ-nin İrana qarşı zərbələr endirmək üçün Britaniyanın hərbi bazalarından istifadə etməsinə verilmiş razılığı ləğv etməyib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, iyulun 17-də keçmiş Baş nazir Kir Starmer yüksəkrütbəli rəsmilərin iştirakı ilə müşavirə keçirib və burada ABŞ-nin İrana qarşı yenidən başladığı hərbi əməliyyatlara Böyük Britaniyanın yanaşması müzakirə olunub.

Müzakirələrin yekununda Vaşinqtona İranın raket anbarlarına və Hörmüz boğazında gəmilərə hücumların həyata keçirildiyi obyektlərə zərbələr endirmək üçün Britaniyanın hərbi bazalarından istifadə etməyə yenidən icazə verilib.

Söhbət Hind okeanındakı Dieqo-Qarsiya adasında yerləşən birgə ABŞ-Böyük Britaniya hərbi bazasından və İngiltərənin Qlosterşir qraflığındakı Feyrford aviabazasından gedir. Sonuncu ABŞ-nin Avropadakı ağır bombardmançı təyyarələrinin əsas yerləşdiyi bazalardan hesab olunur.

"Bloomberg"in yazdığına görə, iyulun 20-də baş nazir vəzifəsinin icrasına başlayan Endi Börnem bu qərarla bağlı məlumatlandırılıb və onu dəstəkləyib.

Agentlik ehtimal edir ki, ABŞ Prezidenti Donald Trampın yeni Britaniya hökumətinin başçısı barədə müsbət açıqlamalar verməsinin səbəblərindən biri də məhz bu qərar ola bilər. Bildirilir ki, Tramp və Börnem bazar ertəsi ilk telefon danışığını aparıblar və ABŞ prezidenti söhbətin "çox yaxşı keçdiyini" bildirib.