BAKI, 28 iyun. TELEQRAF
İraq hakimiyyəti İran, İraq və Fars körfəzi ərəb dövlətləri arasında görüş formatının bərpasını təklif edib və danışıqları Bağdadda keçirməyə hazır olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn iranlı həmkarı Abbas Əraqçi ilə görüşdən sonra bildirib.
Nazirin sözlərinə görə, tərəflər danışıqlar zamanı Fars körfəzi ərəb ölkələri, İraq və İran arasında keçirilən görüşlərin yenidən bərpasını müzakirə ediblər.
"Biz Fars körfəzi dövlətləri, İraq və İran arasında görüşlərin bərpası ideyasını irəli sürdük. Bağdad belə bir görüşə ev sahibliyi etməyə hazırdır", - deyə Fuad Hüseyn bildirib.
İraq XİN başçısı əlavə edib ki, Bağdadın ABŞ ilə yaxşı münasibətləri var və bu səbəbdən ölkəsi həm Tehrana, həm də Vaşinqtona aralarındakı müharibə vəziyyətinə son qoymaq üçün dəstək verməyə hazırdır.