BAKI, 28 iyun. TELEQRAF

"The Guardian" qəzetinin verdiyi məlumata görə, Kanada Baş nazirinin Sussex Drive ünvanında yerləşən və baxımsız vəziyyətdə olan iqamətgahı müsabiqə yolu ilə seçiləcək memarlıq dizaynı əsasında yenidən qurulacaq.

Teleqraf xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni ölkənin aparıcı memarlıq firmaları arasında Ottavaya baxan tarixi binanın bərpası üçün konsepsiya hazırlamaq məqsədilə müsabiqə elan edib. Proses Kanada Kral Memarlıq İnstitutu tərəfindən əlaqələndiriləcək və bu institut memarlıq, irsin qorunması və dizayn sahələrində mütəxəssislərdən ibarət müstəqil münsiflər heyəti yaradacaq. Qalib layihə Nazirlər Kabinetinə təqdim olunacaq və onun elanı 1 iyul 2027-ci il, Kanada Gününə planlaşdırılıb.

Karni bildirib ki, Sussex Drive küçəsi kanadalılar tərəfindən, kanadalılar üçün tikiləcək: "Dil, mədəniyyət və qanunlar kimi binalar da millətin kimliyinin təməlini təşkil edir və onun maddi ifadəsi kimi əhəmiyyət kəsb edir".

1868-ci ildə tikilmiş və 1951-ci ildə hökumət tərəfindən satın alınan yaşayış binasının uzun müddət istismar problemləri olub. İllər ərzində bina dam örtüyündə sızmalar, köhnəlmiş mühəndislik sistemləri, kif, struktur çatlar və ciddi sanitariya problemləri ilə üzləşib.

Kanada Milli Kapital Komissiyasının məlumatına görə, təhlükəsizlik məsələləri səbəbindən obyekt 2023-cü ildə bağlanıb. O vaxtdan bəri bina kif və gəmiricilərdən təmizlənib.

Təmirin dəyəri təxminən 40 milyon Kanada dolları civarında qiymətləndirilir. Təmirin son dəyəri hələ müəyyən edilməyib. Bu, eçilmiş dizayndan asılı olacaq.

Ölkənin baş nazirləri Rideau Hall ərazisində yerləşən Rideau Kottecində yaşayırlar. Karni qarşıdan gələn yenidənqurma müddətini nəzərə alaraq tarixi iqamətgaha köçmək planının olmadığını deyib.

Hökumət rəsmilərinin fikrincə, təmir olunmuş bina təkcə hökumət başçısının fəaliyyətdə olan iqamətgahı olmamalı, həm də Kanadanın siyasi və mədəni irsinin bir hissəsi kimi simvolik əhəmiyyətini qoruyub saxlamalıdır.