BAKI, 10 iyun. TELEQRAF
Kuba hakimiyyəti hesab edir ki, ABŞ-nin ölkə rəhbərliyinə qarşı tətbiq etdiyi sanksiyalar və ittihamlar amerikalıları mümkün hərbi müdaxiləyə hazırlamaq məqsədi daşıyır.
Teleqraf xəbər verir ki, bunu Kubanın ABŞ-dəkı səfiri Lianis Torres Rivera Associated Press agentliyinə müsahibəsində deyib.
Diplomatın sözlərinə görə, Vaşinqtonun Kuba liderlərinə qarşı sanksiyaları ABŞ ictimaiyyətində kubalıların təhlükə yaratdığı barədə təsəvvür formalaşdırmağa yönəlib.
"Biz liderlərimizə qarşı tətbiq olunan sanksiyaları amerikalıları Kubanın təhlükə olduğuna inandırmaq üçün istifadə edilən bəhanə kimi qiymətləndiririk. Biz ABŞ üçün təhlükə deyilik və qarşıdurma istəmirik", - səfir bildirib.
Lianis Torres Rivera qeyd edib ki, Havana enerji daşıyıcılarının tədarükünə qoyulan məhdudiyyətləri də Kubaya təzyiq siyasətinin tərkib hissəsi hesab edir. O, mövcud vəziyyəti "bombasız müharibə" kimi xarakterizə edib.
Diplomat əlavə edib ki, Kubanın siyasi sistemini məcburiyyət və ya güc yolu ilə dəyişdirmək cəhdləri ciddi müqavimətlə qarşılanacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump daha əvvəl Venesueladan neft tədarükünün dayandırılmasından sonra Kuba hökuməti və iqtisadiyyatının çökməyə yaxın olduğunu iddia etmişdi. Politico nəşri isə may ayında ABŞ administrasiyasının Kubaya qarşı hərbi gücdən istifadə variantını daha ciddi nəzərdən keçirdiyini yazmışdı.