BAKI, 9 iyun. TELEQRAF
Polşada ukraynalı işçilərin yerini tədricən Asiya və Cənubi Amerikadan gələn əmək miqrantları tutmağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın "WNP.pl" portalı məlumat yayıb.
Məlumata görə, ukraynalılar hələ də Polşada çalışan əcnəbi işçilər arasında ən böyük qrupu təşkil etsələr də, onların sayı davamlı şəkildə azalır. Bunun əsas səbəbi bir çox ukraynalının daha yüksək əməkhaqqı və daha sərfəli iş şəraiti üçün Qərbi Avropa ölkələrinə üz tutmasıdır.
Portal qeyd edir ki, boşalan vakansiyalar getdikcə daha çox Asiya və Cənubi Amerikadan gələn miqrantlar tərəfindən doldurulur. Xüsusilə Nepal, Hindistan və Filippindən Polşaya işləməyə gələnlərin sayında sürətli artım müşahidə olunur.
Məqalədə vurğulanır ki, gələcəkdə bir sıra ukraynalı işçilər üçün Polşa əmək bazarına qayıtmaq çətinləşə bilər. Belə ki, artıq Asiya və ya Cənubi Amerikadan olan əməkdaşları işə götürmüş şirkətlərin yalnız ukraynalıları yenidən işə qəbul etmək məqsədilə mövcud işçiləri ixtisar etməyə maraq göstərməyəcəyi bildirilir.