BAKI, 2 iyun. TELEQRAF
“Qarabağ” kimi layihələr, eləcə də gələcək qaz yataqlarının işlənməsi üzrə digər təşəbbüslər bazara yeni qaz həcmlərinin çıxarılmasını təmin edəcək".
Teleqraf xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan paneldə deyib.
O qeyd edib ki, bu qaz həm daxili tələbatın ödənilməsinə, həm də ixraca yönəldiləcək:
“Bu mənada Azərbaycan qarşıdakı onilliklər ərzində qaz hasilatını artırmağa davam edəcək və tərəfdaş ölkələrin enerji təchizatında mühüm rol oynayacaq.
Qaz istehlakı ilə bağlı mövcud proqnoz və planlara gəldikdə isə, hesab edirəm ki, onlar gələcəkdə dəyişəcək və daha da artacaq. Bunun iki əsas səbəbi var. Birincisi, qlobal təchizat zəncirlərində baş verən pozuntular və ölkələrin daha etibarlı enerji mənbələri axtarmasıdır.
İkincisi isə süni intellekt (AI) texnologiyalarının və məlumat emalı mərkəzlərinin (data mərkəzləri) enerji tələbatına yaratdığı əlavə təzyiqdir. Bu amillər enerji istehlakının daha sürətlə artmasına səbəb olur”.