BAKI, 2 iyun. TELEQRAF
"Proseslər qarşıdakı 5-6 il ərzində qəbul ediləcək siyasi və iqtisadi qərarlardan asılıdır. Məncə, uzun illərdir enerji sektoruna kifayət qədər investisiya yatırılmayıb".
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan paneldə deyib.
“Mən hesab edirəm ki, süni intellekt həyatın bütün sahələrində geniş şəkildə tətbiq olunacaq. Süni intellektin hər yerdə istifadə olunması daha çox hesablama gücü tələb edir, daha çox hesablama gücü isə daha çox enerji istehlakı deməkdir.
Bundan əlavə, baz yükü (base load) məsələsi çox vacibdir. Nüvə enerjisinin tətbiqi ilə bağlı müzakirələr hələ də davam edir – onun nə zaman və hansı miqyasda istifadə ediləcəyi ilə bağlı yekun qərarlar verilməyib. Bu qərarlardan asılı olaraq enerji tələbatındakı artım 2 %-dən də çox ola bilər.
Biznesdə isə investisiya yatıran kimi nəticə əldə etmək mümkün olmur. Buna görə də müəyyən boşluq yaranacaq və həmin boşluq enerji təchizatçıları üzərində əlavə təzyiq formalaşdıracaq. Enerji tələbatına təsir edən vacib amillərdən biri də səmərəlilikdir. Süni intellekt şirkətlərə və ev təsərrüfatlarına enerjidən daha səmərəli istifadə etməyə kömək edəcək".