BAKI, 26 may. TELEQRAF
Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 51 mülki şəxsin öldüyünü bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" Miroşnikin həftəlik hesabatına istinadən məlumat yayıb.
Hesabata əsasən, son yeddi gün ərzində atəşlər nəticəsində ümumilikdə 250 mülki şəxs zərər çəkib. Yaralananların sayı 199 nəfər olub, onların arasında 20 azyaşlı da var.
Məlumata görə, ölənlər arasında bir azyaşlı da olub.
Rodion Miroşnik qeyd edib ki, bu müddətdə Ukrayna silahlı birləşmələri Rusiya ərazisində yerləşən mülki obyektlərə azı 4317 sursat atıb.
Qeyd edək ki, daha əvvəl Donetsk Xalq Respublikasının Qorlovka şəhərinin meri İvan Prixodko Ukrayna ordusunun şəhərin Kalinin rayonuna hücumu nəticəsində dörd nəfərin öldüyünü açıqlamışdı.