BAKI, 26 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uranı ilə bağlı iki variant irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Məlumata görə, Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, “nüvə tozu” adlandırdığı material ya dərhal ABŞ-yə təhvil verilməli, ya da müşahidəçilərin iştirakı ilə yerində məhv edilməlidir.

ABŞ lideri ikinci variantın daha üstün olduğunu bildirib.

Onun sözlərinə görə, proses İranla birgə və koordinasiyalı şəkildə həyata keçirilməlidir. Müşahidəçi qismində isə Atom Enerjisi Komissiyası və ya oxşar qurumun cəlb olunması təklif edilir.

Tramp daha əvvəl də bəyan etmişdi ki, İranla gələcək razılaşma İslam Respublikasının nüvə silahı əldə etməsinə imkan verməyəcək.

ABŞ prezidentinin sözlərinə görə, Vaşinqtonla Tehran arasında aparılan danışıqlar nizamlı və konstruktiv şəkildə davam edir.