BAKI, 26 may. TELEQRAF
İsrail aviasiyası son sutka ərzində Livanın cənub və şərqində yerləşən 47 yaşayış məntəqəsinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" Livandakı hərbi-sahə mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hücumların 44-ü ölkənin cənubunda, 3-ü isə şərqində yerləşən yaşayış məntəqələrinə həyata keçirilib. Mənbə bunu atəşkəs rejiminin qüvvəyə minməsindən sonra ən genişmiqyaslı hücum adlandırıb.
Bildirilir ki, bəzi yaşayış məntəqələri gün ərzində bir neçə dəfə bombardmana məruz qalıb. Zaotar əş-Şarkiya yaşayış məntəqəsinə onadək zərbə endirilib. Nabatiyə şəhəri yeddi dəfə, Bəkaa vadisinin qərbində yerləşən Maşğara qəsəbəsi isə altı dəfə vurulub.
Bundan başqa, sərhəd bölgəsində yerləşən daha 25 yaşayış məntəqəsi intensiv artilleriya atəşinə tutulub. Zərbə dronlarının Livanın 11 kəndində avtomobilləri və digər nəqliyyat vasitələrini hədəfə aldığı bildirilib.
Qeyd edək ki, daha əvvəl "Axios" portalı ABŞ və İran arasında hazırlanmış qarşılıqlı anlaşma memorandumu layihəsində İsrail ilə Livanın “Hizbullah” hərəkatı arasında müharibənin dayandırılmasının nəzərdə tutulduğunu yazmışdı.