BAKI, 26 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp mayın 23-də müsəlman ölkələrinin liderləri ilə keçirdiyi telefon danışığında İbrahim sazişləri mövzusuna yalnız qısa şəkildə toxunub.
Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ lideri həmin gün Bəhreyn, Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə rəhbərləri ilə telefon danışığı aparıb. Tərəflər İranla mümkün sülh razılaşması çərçivəsində qarşılıqlı anlaşma memorandumu layihəsini müzakirə ediblər.
CNN-in məlumatına əsasən, Tramp Vaşinqtonun Tehranla sülh sazişi bağlaması üçün bu ölkələrin İbrahim sazişlərinə qoşulmasını şərt kimi irəli sürməyib. Bildirilir ki, danışıqda iştirak edən ölkələrdən heç biri ABŞ prezidentinin sazişlərlə bağlı fikrinə reaksiya verməyib.
Qeyd edək ki, Tramp daha əvvəl İranla mümkün sülh razılaşmasının bəzi ölkələrin İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim sazişlərini imzalamasını əhatə etməli olduğunu bildirib. ABŞ prezidenti xüsusilə Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniyanı nəzərdə tutduğunu vurğulayıb.
ABŞ lideri mayın 24-də İranın gələcəkdə İbrahim sazişlərinə qoşulmaq istəyə biləcəyini də istisna etməyib.
Xatırladaq ki, ABŞ-ın vasitəçiliyi ilə 2020-2021-ci illərdə əldə olunan İbrahim sazişləri çərçivəsində 2020-ci ildə Bəhreyn, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri İsraillə münasibətləri normallaşdırıb. 2021-ci ildə isə Sudan İsraillə diplomatik əlaqələrin qurulduğunu elan edib. Bu razılaşmalardan əvvəl İsrailin ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə diplomatik münasibətləri var idi.