BAKI, 9 may. TELEQRAF
“COP31 ilə bağlı müəyyən etdiyimiz fəaliyyət istiqamətləri üzrə konkret hədəflər və nəticələr olacaq”.
Bunu Teleqraf-ın sualını cavablandıran Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Hatayda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin birgə təşkil etdiyi media görüşündə deyib.
Nazir bildirib ki, noyabr ayında Antalyada keçiriləcək toplantıda bütün əsas məsələlər dünya ictimaiyyətinə təqdim olunacaq:
“İstəyirik ki, COP İqlim Zirvəsi çərçivəsində Parisdə qəbul edilən qərarlar kimi, Antalyada veriləcək qərarlar da uzun illər xatırlansın və dövlətlər həmin qərarların icrası üçün siyasi iradə nümayiş etdirsinlər”.
Murat Kurum qeyd edib ki, indiyədək keçirilən COP toplantılarında qəbul edilən qərarların praktik icrasını görmək istəyirlər:
“Yaşadığımız coğrafiyada formalaşan şərait səbəbindən dünya enerji böhranı ilə üz-üzədir. COP31-də əsas məqsədimiz qlobal temperatur artımının 0,1 dərəcə azaldılmasına töhfə verəcək qətiyyətli addımları ortaya qoymaqdır. Biz bu istiqamətdə iradəmizi nümayiş etdirəcəyik. Əks halda, böhranlarla üzləşən ölkələrin sayı daha da artacaq”.
.