BAKI, 10 may. TELEQRAF

"Təəssüf ki, Ermənistanda siyasi dairələr arasında hələ də Azərbaycana qarşı revanş düşüncəli şəxslər var".

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan siyasi proses astanasındadır:

"7 iyun tarixində Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilər çox önəmlidir. Hökumətin formalaşması bu seçkilərin nəticələrindən asılıdır. Demək olar ki, gərgin mübarizə gedir. Əfsuslar olsun ki, Ermənistanda siyasi dairələr arasında hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var. Onlar bu istiqaməti seçkiqabağı kampaniyaları ilə büruzə verirlər. Açıq şəkildə ittihamlar yağdırırlar. Biz hamımız başa düşürük ki, Ermənistan üçün bunun heç bir müsbət nəticəsi ola bilməz. Güman edirik ki, Ermənistan seçicisi də bunları düzgün qiymətləndirib öz seçimlərini bildirəcək".

Nazir qeyd edib ki, Azərbaycan dövləti hər zaman prosesləri diqqətlə izləyir.

"Bu və digər qrupların çıxışlarını nəzərdən keçirərək siyasətimizi Azərbaycanın milli maraqlarına uyğun həyata keçiririk", - nazir qeyd edib.