BAKI, 21 mart. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian BRICS-i Yaxın Şərq münaqişəsində müstəqil rol oynamağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın Yeni Dehlidəki səfirliyi Pezeşkian və Hindistanın Baş naziri Narendra Modi arasındakı telefon danışığından sonra məlumat verib.

"Hindistanın BRICS-dəki hazırkı sədrliyinə toxunan Pezeşkian qrumu İrana qarşı təcavüzə son qoymaqda və beynəlxalq sülhün təmin edilməsində müstəqil rol oynamağa çağırıb", - deyə səfirlik bildirib.

Diplomatik missiya həmçinin qeyd edib ki, İran Prezidenti xarici müdaxilə olmadan regional əməkdaşlıq yolu ilə sülh və sabitliyin təmin edilməsinə yönəlmiş Yaxın Şərq ölkələrindən ibarət təhlükəsizlik strukturunun yaradılmasını təklif edib.

İran lideri həmçinin vurğulayıb ki, regionda müharibə və münaqişəyə son qoymaq üçün zəruri şərt ABŞ və İsrailin təcavüzünə dərhal son qoymaq, eləcə də onların təkrarlanmasının qarşısını ala biləcək zəmanətlərin olmasıdır.