Ukraynanın yüksək səviyyəli nümayəndə heyəti ikitərəfli danışıqlarda iştirak etmək üçün ABŞ-nin Florida ştatının Mayami şəhərinə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

Ukrayna tərəfini danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ömərov, Prezident Ofisinin rəhbəri Kirill Budanov, Prezident Ofisi rəhbərinin birinci müavini Sergiy Kislitsa və "Xalqın xidmətçisi" parlament fraksiyasının rəhbəri David Araxamiya təmsil edir.

ABŞ tərəfindən isə görüşdə Ağ Evin xüsusi elçisi Stiven Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner iştirak edəcəklər.

Ukraynanın siyasi nümayəndə heyəti Vaşinqtonla təhlükəsizlik sazişlərini, xüsusilə hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü və Rusiya ilə müharibənin dayandırılması yollarını müzakirə etmək niyyətindədir.

Bundan əlavə, Ukrayna tərəfinin ABŞ ilə birgə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı barədə müqavilə imzalanması məsələsini qaldıracağı gözlənilir.