BAKI, 21 mart. TELEQRAF

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi - NASA “Artemis II” pilotlu Ay missiyası üçün nəzərdə tutulan Space Launch System (SLS) raketini və Orion spacecraft kosmik gəmisini Floridada yerləşən start meydançasına çatdırıb.

Teleqraf xəbər verir ki, qurum sosial şəbəkə hesabında yaydığı açıqlamada missiyanın buraxılışına hazırlaşdıqlarını bildirib. Qeyd olunub ki, start üçün ən erkən imkan aprelin 1-də yarana bilər.

Bildirilir ki, raket ABŞ-nin "John F. Kennedy Space Center"də yerləşən montaj binasından start meydançasına gətirilib. Burada NASA mütəxəssisləri əvvəllər aşkar edilmiş texniki nasazlıqların aradan qaldırılması üzərində çalışıblar.

Qeyd edək ki, fevralın 21-nə keçən gecə raketin kriogen mühərrik mərhələsində helium təchizatı ilə bağlı problem aşkarlanmışdı. NASA rəhbəri Jared Isaacman həmin nasazlıqların yalnız montaj binasında aradan qaldırıla biləcəyini bildirmişdi.