BAKI, 21 mart. TELEQRAF
Mədəniyyət Məhəlləsindəki Azərbaycan Evinin təmir və yenidənqurmadan sonra açılışı olub.
Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türk dünyası Mədəniyyət Məhəlləsindəki Azərbaycan Evi təmir və yenidənqurmadan sonra Novruz Bayramı tədbirləri çərçivəsində təntənəli mərasimlə ictimaiyyətə təqdim edilib.
Tədbirdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra edən Nuri Aslan, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı Baş konsulluğumuzun konsulu Mürşüd Məmmədov, dövlət nümayəndələri, bu şəhərdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, Qeyri-Hökumət təşkilatlarının başçıları, yerli Azərbaycan diasporasının təmsilçiləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edənlər Türkiyə-Azərbaycan arasındakı qardaşlıq bağları, ortaq tarixi və bəşəri dəyərlərimiz, Qarabağ və Çanaqqala Zəfərləri və Azərbaycan Evində nümayiş olunan, milli dəyərlərimizi əks etdirən atributlar barədə danışıblar.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bir millət iki dövlət şüarını qeyd edərək dövlətlərimiz arasında bütün sahələrdə olduğu kimi mədəni əlaqələrimizin genişlənməsi və milli mədəniyyətimizin təbliğindən danışıb: O, Azərbaycan Evinin yenidən qurularaq mədəniyyətlərin qovuşduğu tarixi İstanbul şəhərində ziyarətçilərə təqdim olunmasının əhəmiyyətini vurğulayaraü Azərbaycan evinin ölkəmiz, onun mədəniyyəti, tarixi və ümumiyyətlə mənəvi dəyərləri ilə maraqlanan bütün ziyarətçilər üçün əlçatan məkan olduğunu vurğulayıb. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra edən Nuri Aslan, Azərbaycan Türkiyə xalqları arasında tarixi qardaşlıq münasibətləri, xalqlarımızı birləşdirən ortaq dəyərləri qeyd edərək yeni qurulan Azərbaycan evinin Türkiyənin ən böyük tarixi və turizm mərkəzi olan İstanbulun mədəni və turizm marşrutunu zənginləşdirməklə yanaşı, ziyarətçilərə qardaş ölkə Azərbaycan, onun tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı qazandıracağını bildirib.
Qeyd edək ki, Azərbaycan Evinin girişində şanlı üçrəngli Bayrağımızın fonunda yerləşdirilən Dövlət Xəritəmiz qonaqları salamlayır.
Məkanda dövlətçiliyimiz, tariximiz, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfər və milli mədəniyyətimizə dair guşələr yer alıb. Buradakı xüsusi bölmələrə Ulu öndərlər Heydər Əliyevin “Biz bir millətin iki dövlətiyiz”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” şüarları və portretləri yerləşdirilmişdir. Bundan başqa 44 günlük Vətən müharibəsinə həsr olunmuş xüsusi guşədə Xarı Bülbül maketi və zəfərimizə həsr olunmuş fotoşəkillər yer almışdır.
Azərbaycan Evində milli musiqi alətlərimiz, milli qadın və kişi keyimlərimizin maketlər üzərində nümunələri, xalçalar, kəlağayılar, müxtəlif əl işləri, tarixin müxtəlif dövrlərinə aid döyüş silahlarının nümunələri, dövlət rəmzlərimiz, Azərbaycan mədəniyyəti və turizm bölgələrinin gözəlliklərinin əks olunduğu fotoşəkillər sərgilənir. Evin pəncərə şüşələri milli motivlərlə hazırlanmış şəbəkə ilə bəzədilib.
Bundan əlavə, məkanın kitabxana bölümü Azərbaycanın dövlətçiliyi, tarixi, milli mədəniyyətinə dair nəşrlərlə yenilənib.
Xatırladaq ki, türk xalqlarının yaşayış tərzini, milli-mənəvi dəyərlərini özündə ən gözəl şəkildə əks etdirən tarixi məkanlardan biri də İstanbulda yerləşən “Türk Dünyası Mədəniyyət Məhəlləsi” açıq hava muzeyidir. Topqapı Mədəniyyət Parkının ərazisində yerləşən bu məkanda türkdilli dövlətlərə məxsus evlər, qazax və qırğız çadırları, orijinal ölçülərdə hazırlanmış Orxon abidələri, Bakının incisi olqn Qız Qalası və Qırğızıstanda yerləşən Bulana qülləsinə aid maketlər də muzeydəki görüləsi eksponatlar arasındadır.