BAKI, 21 mart. TELEQRAF
ABŞ-nin ən böyük aviaşirkətlərindən biri olan United Airlines-in yanacaq qiymətlərinin artması səbəbindən reyslərin bir hissəsini ixtisar edəcəyini bildirib.
Teleqraf "Reuters"a istinadən xəbər verir ki, şirkətin baş icraçı direktoru Scott Kirby əməkdaşlara ünvanladığı məktubda yaxın aylarda planlaşdırılan uçuşların təxminən 5 faizinin ləğv olunacağını qeyd edib.
O bildirib ki, mövcud qiymət səviyyəsi qorunarsa, aviasiya yanacağı üzrə illik xərclər 11 milyard dollar arta bilər.
Şirkət rəhbərliyi uçuşların sayını payız aylarında bərpa etməyi planlaşdırır.
Qeyd edək ki, Yaxın Şərqdəki gərginlik fonunda neft qiymətləri kəskin artıb. Londonun ICE birjasında Brent markalı neftin may fyuçersləri 110 dolları ötüb. ABŞ-nin "Goldman Sachs" bankı isə tədarükdə fasilələrin davam edəcəyi təqdirdə bu markanın qiymətinin 2008-ci ildə qeydə alınmış rekord səviyyəsinin təxminən 147 dolları keçə biləcəyini istisna etməyib.