BAKI, 21 mart. TELEQRAF

Hərbi zərbələr İranın nüvə proqramını gerilətsə də, onun potensialını tamamilə yox etmək iqtidarında deyil.

Teleqraf xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi "CBS News"a müsahibəsində bildirib.

O, hərbi müdaxilənin uzunmüddətli həll yolu olmadığını vurğulayıb:

İran artıq bütün zəruri nüvə texnologiyalarına sahibdir. Siz öyrəndiyiniz bir şeyi unuda bilməzsiniz. Obyektlər zədələnsə də, bilik yerində qaldığı üçün yenidənqurma hər zaman mümkündür".

İranın 60% zənginləşdirilmiş uran ehtiyatına malik olduğunu xatırladan Qrossi, bu materialın xüsusi əməliyyatla ələ keçirilməsinin texniki cəhətdən çox riskli olduğunu bildirib. ABŞ-nin keçmiş rəsmisi Con Bolton isə vurğulayıb ki, nüvə materialları təhlükəsiz yerə daşınmadan hərbi əməliyyat uğurlu sayıla bilməz.

Hazırda AEBA həm Ağ Ev, həm də Tehranla nüvə proqramının gələcək taleyi ilə bağlı danışıqları davam etdirir.