BAKI, 21 mart. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgədəki müharibənin gedişi, Körfəz ölkələrinin təhlükəsizliyi və Türkiyə-AB münasibətləri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf xəbər verir ki, H.Fidan İrana qarşı müharibənin nə qədər davam edə biləcəyi ilə bağlı suala cavab olaraq bildirib: "Körfəz ölkələrindəki münaqişələr daha bir neçə həftə davam edə bilər. Əlbəttə ki, ABŞ-nin mövqeyi burada həlledici amil olacaq. ABŞ və İsrailin ilkin mövqelərinin fərqli olduğuna dair qiymətləndirmələr artır. Bu, daha uzunmüddətli müharibəyə səbəb ola bilər. Danışıqlar davam etsə də, dialoqa başlamaq variantı mümkünsüz görünür. Bununla belə, qısamüddətli atəşkəs, danışıqlara başlamaq mümkündür. Sonra "danışıqlar uğursuz olarsa, müharibəni yenidən başladacağam" kimi açıqlamalar eşidə bilərik. İsrail həmçinin İrana daha çox zərər vurmaq üçün müharibəni mümkün qədər uzatmaq siyasəti yürüdə bilər. ABŞ-nin bu yanaşmaya cavab olaraq mövqeyi həlledici olacaq. İsrail vacib olan hərbi və sənaye hədəflərini məhv edənə qədər dayanmayacağı təəssüratı yaradır. Sui-qəsdlər davam edir. Bu müharibəni İsrail başladı. Problem müharibəni bitirmək üçün heç bir planın olmamasında deyil. Problem ondadır ki, İsrail sülh istəmir. Biz bu faktı hər yerdə, hər fürsətdə vurğulayırıq".
Hakan Fidan qeyd edib ki, müharibədən sonra Körfəz ölkələri İrandan gözləntilərini açıq şəkildə ortaya qoya, müəyyən şərtlər irəli sürə bilərlər: "Həmçinin İran da Körfəzdəki ABŞ bazaları ilə bağlı bəzi tələblər ortaya qoya bilər. Digər vacib məqam isə Hörmüz boğazından keçiddir. Buradan daşınan neft və maye qaz Çinə, Avropa ölkələrinə, Cənubi Koreya, Yaponiya və Hindistana daşınır. Bu ölkələr nə gözləyəcəklər? Bu müharibədən sonra Türkiyəyə olan inamın artdığını görürük. Əvvəldən ikili mövqe tutmamışıq. Hər kəs görür ki, buraxılan səhvlər barədə bütün tərəflərə açıq şəkildə məlumat vermişik. İrana və Körfəz ölkələrinə edilənlərin səhv olduğu məsələsini ən sərt və aydın şəkildə qaldırırıq"