BAKI, 7 fevral. TELEQRAF
ABŞ administrasiyası fevralın 19-da Vaşinqtonda Qəzza zolağında nizamlanma ilə bağlı Sülh Şurasının iştirakçılarının görüşünü keçirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Ağ Ev həmin tarixdə Qəzza üzrə Sülh Şurasının liderlər səviyyəsində ilk iclasını, eyni zamanda Qəzza zolağının bərpası üçün vəsaitlərin toplanmasına dair konfransı təşkil etməyi nəzərdə tutur. Qeyd olunur ki, bu görüş Qəzza ilə bağlı nizamlanma planının ikinci mərhələsinin həyata keçirilməsinə töhfə verə bilər.
Məlumata əsasən, ABŞ administrasiyası artıq onlarla ölkə ilə əlaqələrə başlayıb, onların liderlərini görüşə dəvət edir və logistika məsələlərini müzakirə edir. Dəvət olunacaq ölkələrin siyahısı hələ açıqlanmayıb. "Axios" vurğulayır ki, görüşlə bağlı planlarda dəyişiklik ola bilər.