BAKI, 7 fevral. TELEQRAF

ABŞ-nin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə dövlət katibinin müavini Tomas DiNanno Cenevrədə keçirilən tərksilah konfransında çıxışı zamanı Çinin 2020-ci ildə gizli nüvə sınağı apardığını iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Onun sözlərinə görə, Vaşinqtonun əlində Pekinin nüvə partlayış sınaqları keçirdiyini göstərən məlumatlar var. DiNanno bildirib ki, bu sınaqlar çərçivəsində yüzlərlə ton trotil ekvivalentinə malik nüvə yüklərinin hazırlanması həyata keçirilib. İddiaya əsasən, sınaqlardan biri 22 iyun 2020-ci il tarixində baş tutub.

ABŞ rəsmisi əlavə edib ki, Çin hərbçiləri sınaqları gizlətməyə çalışıb və bu məqsədlə seysmik nəzarətin effektivliyini azaldan texnologiyalardan istifadə ediblər.

Agentliyin qeyd etdiyinə görə, Çinin konfransdakı nümayəndəsi Şen Tsyan bu ittihamlara birbaşa münasibət bildirməyib. O, Pekinin nüvə sahəsində hər zaman məsuliyyətlə davrandığını vurğulayıb və ABŞ-ni nüvə təhlükəsi mövzusunu şişirtməkdə ittiham edib. Onun sözlərinə görə, silahlanma yarışının kəskinləşməsinə səbəb olan əsas tərəf məhz ABŞ-dir.

Qeyd olunur ki, Vaşinqtonun bu açıqlaması 5 fevralda Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (SNV-III) müddətinin başa çatması fonunda səsləndirilib.