BAKI, 7 fevral. TELEQRAF

Çin hakimiyyəti ABŞ-ni Tayvana silah satışından çəkinməyə çağırıb və xəbərdarlıq edib ki, bu addım ABŞ Prezidenti Donald Trampın apreldə Çinə planlaşdırılan səfərini poza bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pekin Vaşinqtona açıq mesaj göndərərək Tayvana silah satışının Çin-ABŞ münasibətlərinə ciddi zərbə vuracağını bildirib. Eyni zamanda qeyd olunur ki, ABŞ administrasiyası Tayvana Patriot tipli zenit-raket sistemləri və digər silahların satışını nəzərdə tutan iri silah müqaviləsi üzərində işləyir.

Xatırladılır ki, Çin Xalq Respublikasının sədri Si Cinpin daha əvvəl Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində ən əsas və həssas mövzu olduğunu vurğulamışdı.