BAKI, 7 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ABŞ ilə yanaşı, İranla ticarət edən ölkələrdən idxal olunan mallara əlavə gömrük rüsumlarının tətbiqini nəzərdə tutan icraedici sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Sənəddə bildirilir ki, İrandan birbaşa və ya dolayı yolla mal və ya xidmət alan ölkələrdə istehsal olunmuş məhsullara ABŞ-yə idxal zamanı 25% dəyərində əlavə rüsumlar tətbiq oluna bilər. Qeyd olunan tədbirlər 7 fevraldan qüvvəyə minir.
Sərəncamda vurğulanır ki, Vaşinqton administrasiyası əvvəllər İrana qarşı digər iqtisadi tədbirlərin əsaslandırılması üçün tətbiq edilmiş fövqəladə vəziyyət rejiminin müddətinin uzadılmasını zəruri hesab edir. Sənəddə iddia olunur ki, İranın siyasəti ABŞ üçün hələ də qeyri-adi və fövqəladə təhlükə təşkil edir.