BAKI, 7 fevral. TELEQRAF
Çin dünyanın ən böyük dəniz külək turbinini elektrik şəbəkəsinə qoşub.
Teleqraf xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, "China Three Gorges Corporation" (CTG) tərəfindən hazırlanaraq quraşdırılan turbin Fuczyan əyalətinin sahillərindən 30 km-dən çox məsafədə, 40 metrdən artıq dərinlikdə yerləşən Liuao dəniz külək elektrik stansiyasının ikinci mərhələsində quraşdırılıb.
"CTG"nin açıqlamasına əsasən, 20 MVt gücündə olan enerji bloku sınaq və sazlama işlərini uğurla başa çatdıraraq kommersiya istismarına başlayıb. Bildirilib ki, layihə musson küləkləri və mürəkkəb dəniz şəraiti kimi çətinliklərə baxmayaraq uğurla reallaşdırılıb. Bu turbin dərin sularda dəniz külək energetikasının gələcək inkişafı üçün əsas texnoloji baza rolunu oynayacaq.
Qeyd olunur ki, turbinin mərkəzinin hündürlüyü 174 metrə çatır ki, bu da 58 mərtəbəli bina ilə müqayisə olunur. Rotorun diametri isə 300 metrdir. Turbinin pərləri 10 futbol meydançasına bərabər sahəni əhatə edir.
Tam güclə işlədiyi zaman bir turbin ildə 80 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edə bilər. Bu həcmdə enerji təxminən 44 min ev təsərrüfatının elektrik tələbatını ödəməyə imkan verir. Layihə sayəsində 22 min ton şərti kömürə qənaət olunacağı, bununla da CO₂ emissiyalarının əhəmiyyətli dərəcədə azalacağı bildirilir.