BAKI, 6 fevral. TELEQRAF
Milandakı San Siro stadionunda 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi olub.
Teleqraf xəbər verir ki, Milandakı məşhur “San Siro” stadionunda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı olub.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Mərasimdə Dövlət bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.
Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, ev sahibi ölkənin komandası isə sonuncu keçib.
Açılış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev də izləyir.
Qeyd edək ki, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də Veronanın məşhur amfiteatrında keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq.
Olimpiada fevralın 4-də qarışıq cütlüklərin körlinq turniri ilə başlayıb. İtaliyada 16 idman növü üzrə 116 medal uğrunda mübarizə aparılacaq.
Azərbaycan təmsilçilərindən Vladimir Litvintsev fevralın 10-da, Anastasiya Papatoma isə ayın 15-də öz qüvvəsini sınayacaq.